Blog-lar

Hədiyyə edilən iztirablar (Hekayə)

-Eh,Aysel. Sənin də 14 yaşın oldu hələ də ağıllanmadın.

-Əli,çıx get da başımdan. Bugün mələyimin ad günüdü. Gərək gözəl bir məktubla sürpriz edəm ona. İndi yazım axşam da üzünə qarşı oxuyacam. Nə olar məni tək burax.

-Sən və gözəl məktub? -Məsxərəli sözlərinə gülüşünü də əlavə etdi.

-Əgər imkan versən yazaram nəsə!

Onunla söhbət etməyəcəyimi bildikdən sonra uzaqlaşıb, uşaqlarla oynamağa getdi. Dərindən nəfəs aldım. O gün mənim üçün çox özəl gün idi. Çünki Anamın 32 yaşı tamam olurdu. Çox da təəccüblənməyin bu yaşa,erkən evlənib özü. Bu barədə çox danışıb mənə. Yemək bişirəndə mən də yanına gedərdim,orta məktəbindən tutmuş məcburi evliliyinə qədər danışardı. Bəzən gözlərinin dolduğunu gizlətmək üçün əlinə tez soğan alıb,göz yaşlarının səbəbini soğanla əlaqələndirərdi. Nə qədər uşaq olsam da anlayırdım hər şeyi. O, dərdini dərdim saydığım ilk insan idi. Özü erkən evləndirildiyi üçün mənim oxumağımı çox istəyirdi. İstəmirdi ki,onun çəkdiyi əziyyətləri mən də çəkim. Sözün əsl mənasında görünən bir mələk idi. Və o gün o mələyin 32 yaşı tamam olurdu. Əlbəttə nəsə etməliydim…

Bütün arzularımı vərəqə yazdım,sevgimin çoxluğunu bildirmək üçün ürəklər,öpücüklər falan da çəkdim. Bu kiçik hədiyyənin onu necə də sevindirəcəyini bilirdim,ama görmək üçün səbrsizlənirdim. O, 100 faiz məni qucaqlayacaq, sevincindən ağlayacaqdı. Ona görə hədiyyənin böyüyü kiçiyi yox,kim tərəfindən olması önəmli idi. O, diqqətdən, hörmətdən başqa hədiyyə gözləmirdi.

Məktubumu bitirdikdən sonra ürəyimi böyük bir sevinc bürüdü. Heç kim kefimi poza bilməzdi. Anam tərəfindən verilən sevinci elə Anam poza bilərdi təkcə. O, da niyə etsin ki? Zatən mənim xoşbəxt olmağım üçün çalışırdı. Evə gedib ona hazırlıqlarda kömək etmək üçün məktəbdən çıxdım. Məktəb evimizdən çox uzaqda idi. 3-4 km piyada yol gedəsi olurdum. Hər zaman ərinərək,ofuldayaraq getdiyim yolu bu səfər qaça-qaça gedirdim. Sürprizimi göstərmək üçün çox ama çox tələsirdim…

Evə çatanda hamı paltarını geyinmişdi. Harasa gedirdilər. Mən biraz acı təbəssümlə qardaşımdan hara getdiklərini soruşdum:

-Qardaş,hara belə?

-Nənəgilə gedirik,Bacı. Nəsə nənəm anamı görmək istəyir,hədiyyəsi falan da varmış.

-Mən də gəlmək istəyirəm,nənə üçün çox darıxmışam. Həm də təqaüdündən pul verəcəyini söz vermişdi mənə.

Bu sözlərimi Anam eşitdi,yaxınlaşdı,başıma sığal çəkib,əllərimdən tutub,gözlərimə baxaraq gülümsədi:

-Balam,sən bugün evdə dur. Biz çox durmuyacıyıq. Birazdan gələciyik.

-Heç olmasa qardaşım mənimlə qalsın. Tək başıma nə edim siz gələnə kimi?

-A bala axşam saat birə kimi dərs oxuduğuna indidən başla,tez də bitir. Söz verirəm sən bitirənə kimi qayıdırıq. Atan biraz içkilidi ona görə qardaşın oturacaq sükan arxasında.

Başımı aşağı saldım.Bu hərəkət mən çarəsiz qalanda verdiyim razılıq işarəsi idi. Anam üzümdən öpdü. Atam da içkili olduğu üçün biraz ağır addımlarla maşına doğru irəlilədi. Onun içkili halını heç sevməsəm də nəsə deyə bilmirdim. Qardaşımdan fərqli olaraq çox qorxurdum.

Onlar getdikdən sonra biraz üzgün formada evə daxil oldum. Mən də getmək istəyirdim axı. “Yəqin belə məsləhətmiş” deyərək özümə təsəlli verməyə çalışdım. Faydası olmasa da ondan başqa təsəllim yox idi. Allaha tez gəlmələri üçün dua etdim. Bu özəl gündə anamla bir yerdə olmaq, yanından ayrılmamaq,elə hey əlindən tutub öpmək istəyirdim.

Dərslərimə yeni başlamışdım ki,maşın siqnalı səsi gəldi. Eyvana çıxıb kim olduğuna baxdım. Bizim maşın idi. Allahın duamı qəbul etməsinə elə çox sevinirdim ki. “Şükür olsun” kəlamı dilimdən düşmürdü. İstədiyimə nail ola biləcəkdim çünki. Qaça-qaça qapını açmaq üçün yaxınlaşanda qapını anam açıb içəri daxil oldu. Üzündə böyük kədər var idi. Nənəmin öldüyünü, buna görə belə üzüldüyünü düşünsəm də, nənəm ölsəydi evə qayıtması mənasız olardı düşüncəsi bütün fikirlərimi alt üst etdi. Anam dodaqları titrəyə-titrəyə mənə baxdı,başını sağa sola tərpətdi sakitcə. Sonra isə evə daxil oldu. Anamın baxışları ürəyimi lərzəyə gətirdi. O baxışların səbəbinin nə olduğu beynimdə dolanırdı. Əlimi ağzıma soxub,dırnaqlarımı yeyərək bir məntiqli cavab axtarırdım. Axırda dura bilmədim. Anamın arxasıyca evə daxil oldum. Birdən uca addım səsləri gəldi. Atam olduğunu dərhal anladım. Sanki hər şeyi başa düşmüşdüm. “Yox,nolar olmasın,nolar” deyərək göz yaşlarıma hakim ola bilmədim. Atam otağa daxil oldu:

-Abbas,uşaqlar qorxar. Gözlə,sakitləş.

-Sən mənə nə dedin?! Qudurubsan ?! Döyülmək vaxtın çatıb?!

Anam nəsə susmağı seçdi. Mən isə qorxudan əsirdim. Birdən uca bir şillə səsi gəldi. Anamın sakitçiliyi atamı daha da əsəbləşdirmişdi. Mən nə qədər qorxsam da qapını açıb mənəzərəni izlədim. Atamın əlləri qalxıb enirdi…

Mən bucür bilirəm ki,uşaq qorxduğu zaman ya anasını ya da atasını çağırar. Mənim özüm də itlər arxamca düşəndə anamı çağırırdım. Amma bu vəziyyətdə kimi çağıraydım? Ana deyə çağıracağım qadın mənə necə kömək edə bilərdi? Ona kömək edə bilmirdim deyə içimdə atama qarşı, gücsüzlüyümə görə isə özümə qarşı nifrət yaranırdı. Özümdə deyildim sanki.

Ağlayaraq sonunu gözləyirdim…

Atamın sonuncu zərbəsindən sonra anam uca səslə ah çəkdi və huşsuz halda kravata yıxıldı. Atam bir neçə şillə yenə vurdu. -Bəsdimi?!-deyə qışqıraraq yaxasını düzəldib eşiyə çıxdı. Anamın huşsuzluğu məni çox qorxutdu. “Ay Fatma Nənə”-qışqıraraq qonşumuzdakı tibb bacısının yanına qaçdım. Atam yolda qolumdan tutub -Burax ölsün,get yemək bişir! – desə də qulaqardı edib Fatma nənənin yanına getdim. Vəziyyəti izah etdikdən sonra qaça-qaça bizə gəldi. Dərmanları çıxarıb başladı mualicə etməyə. Başının üzərində durub,sağ əlini möhkəm-möhkəm tuturdum.

Fatma nənə bir saat durub getdi. Nəsə olsa ona xəbər etməyimi tapşırdı. Anam hələ də huşsuz halda uzanmışdı. Atam divanda gecələyirdi. Qardaşım isə dostugilə getmişdi. Niyə gəlib mane olmaması barədə də çox əsəbiydim ona. “Anamgil evə tez gəlsin” duamı tez zamanda qəbul edən Allah “Nə olar Anam oyansın” duasını saatlar keçmişdi hələ də qəbul etmirdi. Yavaş-yavaş Allahdan da küsürdüm. Göz yaşlarım yorğanı islatmışdı artıq.

Birdən ağlıma etmək istədiyim sürpriz məktub düşdü. Anamın ad gününün bitməyinə bir saat qalmışdı,ama hələ də hərəkətsiz halda yanımda idi. Oxumaq barədə tərəddüddə qalsam da nədənsə oxumağı seçdim. Tez çantamın ağzını açıb, Riyaziyyat kitabının arasından məktubu çıxardım. Tam oxumağa hazırlaşarkən qəlbimi qəmli fikirlər bürüdü. Mən belə xəyal etməmişdim axı. Axı mən bunu oxuyanda anam sevincindən ağlayacaqdı, gülə-gülə məni öpəcəkdi,başıma sığal çəkəcəkdi. Niyə belə oldu bəs? Yaxşı hadisələr baş verdikdə Allaha şükür etdiyim kimi, həmin gün içimdə böyük isyan qopmuşdu. Bir insanı anası ilə imtahana çəkmək? Yox,Onu mən zalim olaraq tanımırdım. Bütün bunları düşündükcə gah məktuba gah da anama göz gəzdirirdim. Nitqim tutuldu,oxuya bilmədim. Kağızı büküb kənara atıb onu qucaqladım. Onu itirmək qorxusu qəlbimi elə bir qorxuya salmışdı ki,dayanmadan ətrini sinəmə çəkirdim. Mən bu ətrsiz qala bilməzdim.

Təxminən saat 05:00 olardı ki,anamın xırıltılı səsinə oyandım. Balaca əllərimlə qucaqlayarkən yuxuya dalmışdım. Duamı gec qəbul etsə də Allaha şükür etməyi unutmadım. Sevincimdən nə edəcəyimi bilmirdim. Tez üz-gözündən öpüm yenidən möhkəm qucaqladım. Çox yavaş və boğuq səslə su istədiyini bildirdi. Tez qaça-qaça su gətirməyə getdim. Anam suyu içdikdən sonra yenidən yuxuya daldı. Artıq rahat şəkildə yata bilərdim,çünki Allah məni ətrsiz qoymaqdan vaz keçmişdi…

Bu hadisədən sonra mən anamla atamın boşanmasını gözləsəm də, Anam boşanmamağı qərara aldı. Onun bu qərarı onu gözümdə qorxaq olaraq tanıtdırsa da,bizim atasız böyüməyimizi istəmədiyindən bu qərarı verdiyini eşitdikdə düşünələrim üçün özüm özümdən utandım. O hadisə və onun bir də təkrarlanması qorxusunun yaratdığı ruhi sızıltılarla onların söhbətlərini gizlindən dinləyirdim. Dərk etdiyim tək şey isə Atama qarşı olan qəzəb və kinimin heç zaman aradan getməyəcəyi idi.

Get-gedə anamda özündən getmə,aşırı dərəcədə halsızlıq özünü biruzə verdi. Nədənsə içimdən onun aramızdan getməyinə çox az qaldığını deyirdi. İtirmək qorxusu qəlbimi yenidən fəth etmişdi. Nə doğru düzgün yata,nə yemək yeyə,nə də dərs oxuya bilirdim. İçimdəki qorxu günü gündən daha da artırdı. Anam hər gecə qorxmağımın mənasız olduğunu deyib təsəlli versə də,səsindəki xırıltının qorxumu daha da artırdığının fərqində deyildi…

Artıq uzun müddət idi ki,dərslərə gedə bilmirdim. Anamı atamın yanında tək qoymaq istəmirdim. Dayım məktəbdə müəllim olaraq çalışdığından dərslərdə ləngidiyimi anama zəng edərək xəbər etmişdi. Anam bu xəbəri heç də xoş qarşılamadı və məni yanına çağırdı. Mən stulda başı aşağı əyləşdim.

-Aysel,eşitdim dərslərində ləngimisən. Nə olub? Yoxsa oxumaqla xoşbəxt deyilsən?-Anam bunu deyəndə çox qəmli görünürdü. Çünki,onun istəyi mənim təhsil almaqla ali dərəcələrə çatmağım idi.

-Ana,mən oxumağı çox sevirəm. Ama mən səninlə xoşbəxtəm. Başımıza gələnlərdən sonra sənsizlikdən çox qorxuram…-mən bunları səsim titrəyə-titrəyə dedim. Anam mənim halımı görüb sözümü kəsdi.

-Yox,a bala. Qorxma,mən sənin yanındayam. Belə fikirlərin təhsilinin qarşısını almasına icazə vermə.

Mən anama cavab verə bilmədim. Həmişəki kimi susqunluğumla onun sözü ilə razılaşdığımı bildirdim. Sabahdan hər gün dərslərə gedib özümü sinif yoldaşlarıma çatdırmalıydım.

Bir müddət sonra dərslərimi qaydaya salmağı bacardım. Anamın özündən getməyi isə hələ də aradan getməmişdi. Nə qədər həkimə müraciət etsək də,heç bir irəliləyiş yox idi. Atam anamın sağalması üçün çox can atırdı. Amma mən bunun onun peşmançılığındanmı,yoxsa “Camaat mənə nə deyər” düşüncəsi iləmi etdiyini ayırd edə bilmirdim. Bilmirəm,bəlkə də bu içimdəki sönməz qəzəbin verdiyi fikir ayrılıqları idi…

Bir gün məktəbdən evə qayıdarkən evimizdə çox adamın olduğunu gördüm. Qadınların əlini ağzına tutmasından, kişilərin isə siqaret çəkərək söhbət etməsindən pis bir hadisənin olması açıq-aşkar hiss olunurdu. Addımlarımı daha da sürətləndirərək özümü evə çatdırdım. Anamı nə yerində,nə həyətdə,nə də bağda görə bilmədim.

Titrək səslə Fatma nənədən anamın harda olduğunu soruşdum.

-A bala,qorxulu bir şey olmayıb,özünü qorxutma.-Bu sözün mənim üçün absurd olduğunu gözümün dolması,əllərimin əsməsindən hiss edərək əlavə etdi:

-Anan qabları yuduqdan sonra evə apararkən özündən getməsi tutub. Yıxılanda isə başı pilləkəninizin küncünə dəyib…

-Hardadı bəs?

-Təcili tibbi yardım çağıraraq xəstəxanaya çatdırdıq. Atan da onun yanındadı. Hər şey yaxşı olacaq…

Bizim kəndə təcili tibbi yardım hər zaman 1-2 saat gecikir. Bu barədə dövlətə nə qədər ərizə yazsaq da faydası yox idi. Bu səfər də belə olduğuna əmin idim. Allahın bizi hansı günahımıza görə belə cəzalandırmasını ağlayaraq düşünürdüm. Həmin gecəni yata bilmədim. Anamın şəkillərindən ibarət albomu bəlkə yüz dəfə vərəqlədim. Nə bileydim ki,artıq onu şəkillərdən görəcəm?

Səhərisi gün atamın maşınla gəldiyini gördüm. Tez qapını açıb maşını irəli sürməsinə şərait yaratdım. Atam maşından düşəndə çox fikirli halda idi. Anamın cənnətdə bizi gözləməsini mən onun dilindən eşitdim. Ümid çıraqlarımı söndürən bu xəbər xəyallarıma gedən yolu da asanlıqla bağladı. “Hər şərdə bir xeyir vardır” deyənlər bu hadisədəki xeyiri,”Allah duaları qəbul edəndir” deyən insanlar isə bu hadisədə etdiyim duaların qəbul olmamasını mənə heç cür izah edə bilməzdilər.

Anamın dəfnindən sonra artıq hər şey dəyişmişdi. Elmdən əsər əlamət qalmamışdı məndə. Ürəyimdəki boşluğu heç kim,heç nə doldura bilmirdi. Ruhum hər gecə sızıldayırdı. Ağrılara tab gətirə bilmirdim artıq. Otağım anamın şəkilləri ilə bəzənmişdi. Bəziləri mənim travma keçirdiyimi düşünsələr də mən onlara diqqət etmirdim. Sadəcə mənə hədiyyə olunan ruhi iztirablar,əsas da anamın yoxluğu məni çox yorurdu.

***

Budur dostum,başıma gələn ilk və son pis hadisə bundan ibarətdir. Həyatımı məhv edən,ümid çıraqlarımın sönməsi,xəyallarıma gedən yolun bağlanmasına səbəb olan hadisə budur. Dinlədiyin üçün çox sağol…

Bütün bunları danışdıqdan sonra Ayselin göz yaşları əlindəki aynanı islatmağa başladı. O,başına gələn bütün hadisələri güzgüdə öz əksinə baxaraq danışdıqdan sonra aynanı bərk-bərk qucaqladı. Onun ondan başqa dostu yox idi…

Ali İlqaroğlu


ნაჩუქარი ტანჯვა (მოთხრობა)

14 წლის აიშა 32 წლის დედის დაბადების დღესთვის წერილის წერს თუმცა, ამ დღეს მოულოდნელი ტრაგედია ხდება მამა სასტიკად სცემს დედას. ამის შემდეგ, დედა დაავადდება, ერთ დღეს კი, კვდება.

ამის მერე, აიშას ტანჯვა იწყება ის, სრულიად მარტო რჩება.

ალი ილგაროღლუ