Pərvin Hacıyevanın blogu
Yaşadığımız cəmiyyətdə problemlər saymaqla bitmir. Bunlardan biri də ictimai nəqliyyatda yaşanan problemlərdir. Hansı ki, gün ərzində bir çoxumuz ictimai nəqliyyatdan istifadə edirik və hər dəfə fərqli problemlərlə üzləşirik. Qarşılaşdığımız problemlərin səbəbləri hər zaman dəyişir. Bəzən bizim üçün bu problemi sürücülər, çox vaxt isə sərnişinlər yaradır. Əvvəllər qarşılaşdığım hadisələrə bir tərəfli yanaşırdım və həmin vaxt baxdığım yerdən ancaq sürücünü günahkar olaraq görürdüm. Amma indi çox vaxt sərnişinləri deyil, sürücüləri haqlı çıxarıram. Düşünürəm ki, hər bir insan ailədən çıxan bir güzgüdür o, ailədə gördüklərini və eşitdiklərini getdiyi yerdə də sərgiləyir. Bu halda tək bir günahkar var valideyinlər… Onlar balaca bir dövlət olan ailədə tərbiyə və mədəniyyəti öz övladlarına düzgün şəkildə çatdırmırlar. Neçə yaşın olursa olsun, harada olursan ol əgər sən düzgün yetişdirilməyibsənsə ömrünün sonunacan həyatını o tərbiyə ilə yaşamalı olacaqsan, tək yol yenidən başlamaq və öz üzərində işləməkdir! İctimai nəqliyyatda da eynən belədir mədəniyyətsizliyini gördüyün hər bir insanın ailəsi haqqında da eyni düşüncədə olursan. Gəlin indi isə problemin özünə nəzər yetirək. Biz onu “ictimai nəqliyyat” olaraq adlandırsaq da istifadə etdiyimizdə ictimailikdən əsər-əlamətin olmadığını görərik… Əgər siz də ictimai nəqliyyatdan istifadə edirsinizsə yəqin ki, mobil telefonla uca səslə danışıb bütün problemlərini elə orda həll etməyə çalışanlara rast gəlibsiniz, ailə problemini nəqliyyatda həll edənlər, sözü çəp gəlib dava edənlər, sərxoş olub ağlına gələni danışanlar, bir nəfərlik yerdə iki nəfərlə oturmaq istəyənlər, özləri ilə birlikdə diri toyuq, cücə alanlar, uşağını döyənlər, ödəniş etmədən düşüb sürücü ilə mübahisə edənlər və daha nələr, nələr… Bu haqqda çox geniş şəkildə danışmaq olar amma son zamanlar ən çox diqqətimi çəkən məqama toxunacam. Keçən dəfə səhər saatlarında işə gedirdim və avtobus elə də dolu deyildi hər dəfə sərnişinlər çoxalır və bir sonrakı dayanacaqda düşürdülər. Sonra orta yaşlı bir qadın gəldi və mənim yanımdakı boş yerdə əyləşdi cəmi 5 dəqiqə oturdu və qalxdı bizdən iki yer irəlidə əyləşən təqribən 16-18 yaşlı yeniyetmə oğlanı heçnə olmamış kimi qaldırdı və onun yerində oturdu. Yeniyetmənin üzündə bir narahatçılıq var idi görünür yuxusuz idi, bəlkə də çox yorulmuşdu. Amma bu qadının diqqətini belə çəkmədi sanki oğlan bunu etməli imiş, o vəziyyətlə ayaq üstə getməli imiş. Bu vəziyyəti yalnız bir halda normal qarşılaya bilərdim əgər doğurdan da yer olmasaydı və qadın ayaqda qalmış olsaydı, ona qarşı laqeyidlik edib mən və ya digər gənclər əyləşmiş olsaydıq bu halda bəlkə də qadını haqlı çıxara bilərdim. İndi bəlkə də sizdə bir fikir formalaşdı bəlkə qadına dəyişdiyi yer rahat idi və düşünürdü ki, yeniyetməni qaldırsa oda keçib onun yerində əyləşə bilər. Ancaq bu heç də belə deyildi o, qadın biz çatana qədər hamını narahat edib fərqli yerlərdə əyləşirdi narahatçılığı nəydi bilmirəm ama doğru hərəkət etmədiyi aydın şəkildə görünürdü. Heç kimin, heç kimi narahat etmək və ya yerindən qaldırmaq haqqı yoxdur. Lazım olduğunda hamı öz böyüyünə hörmət edir və yerini ona verir. Amma insanların çoxu nədənsə bir məqama diqqət yetirmirlər məsələn mən, hər gün 1 saatlıq yol gedib, gəlirəm. İşdən çıxanda ac, hövsələsiz və son dərəcədə yorğun oluram və hansısa bir xala toydan gəlir yolda avtobusa minir və mən nəyə görə öz yerimi ona verməliyəm? bu hallarla çox qarşılaşmışam doğrudur hörmət əlaməti olaraq yerimi vermişəm həmin qadın da ayaq üstə güclə dayandığımı görsə də yerimdə əyləşib hətta yanındakı yer boşalanada oğlunu ya qızını çağırıb orada əyləşdirib. Necə düşünürsüz bu davranış normaldırmı? və ya az əvvəl qeyd etdiyim yeniyetməni qadının qaldırması normal davranış idimi? Əlbəttə ki, yox bəlkə sən əyləncədən, qonaqlıqdan gəlirsən amma səndən yaşca balaca olanlar işdən, uzaq yoldan, xətəxanadan gəlir. Özü sənə yer vermədiyi müddət ərzində sənin özündən balacanı və ya böyüyü qaldırmaq hüququn, narahat etmək haqqın yoxdur. Bu mədəniyyət hələ bizdə normal formallaşmayıb. Yaxşı olar ki, bu detallara az da olsa diqqət yetirilsin. Əbu Turxanın da dediyi kimi “İnsanı insan edən ağıl yox, mənəvi qadağalar, əxlaqi sədlərdir”.
“საზოგადოებრივი ტრანსპორტი”, რომელიც უკვე არ არის საზოგადოებრივი
ფარვინ გაჯიევას ბლოგი