Səid Hüseyin
Hər vaxtın xeyir günlük, bu gündə çox yorğun və çətin keçdi. Bilirsən, hər gün daha çox yorulduğumu hiss edirəm, ancaq məqsədə çatmadan əsla geri çəkilməyəcəm. İşə başladığım ilk gündən, bütün günlərimi və olan-bitəni yalniz sənə deyə bilirəm.
Artıq düz üç ildir müəllim olaraq fəaliyyət edirəm, ancaq mövcud olan problemin həll yolunu tapa bilmirəm.
Əvvəldə qeyd etmişdim, qız şagirdlərimin erkən yaşda zorla evləndirilməsi məni çox narahat edir. Dərs dediyim qızların əksəriyyəti 9 sinifə çatmamış, valideyinləri tərəfindən məktəbdən zorla çıxarılırlar. Baxmayaraq ki, hər yerdə qarşı çıxıram, etiraz edirəm, təəssüf cəmiyyət qarşısında tək olmağım heç bir nəticə göstərmir. Təhsilin qızlara daha vacib, daha önəmli olduğunu anlamırlar.
Övladlarının təhsil almasını, bir fərd olmasını, öz ayaqları üstə durmasını dəstəkləmirlər. Əksinə, evlənməsini və kiməsə gəlin olmasının tərəfdarıdırlar. Xatırlayırsan keçən səfər 8ci sinifdə oxuyan bir qız şagirdimə elçi gəldiklərini yazmışdım, bu gün həmin qızın nişanıdır, bir bilsən necə çarəsizəm. Bir həyatın, bir ümidin necə məhv olmasını izləmək bir müəllim olaraq asan deyil. Müəllimin vəzifəsi, tək dərs keçmək və ayın sonunu gözləyərək aylığın nə vaxt köçəcəyini gözləmək deyil, müəllim bir növ yoldaşdır hansı ki, şagirdin qayğısına qalmalı və onun gedəcəyi yolda bələdçisi olmalıdır. İnsana düz yolu göstərən, onun mükəmməl insan olması üçün əsas qüvvə müəllim sayılar. Amma nə yazıq, belə müəllim çox azdır.
Əziz günlüyüm, düşünürəm cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir, əlbəttə söhbət həqiqi müəllimdən gedir, müəllim adını ləkələyənlərdən yox! Bilirsən, almanlar deyirlər “təhsil azadlığa aparar”. Mən ümidimi itirmirəm, bir müəllim olaraq əlimdən gələnin ən yaxşısını etmək üçün mübarizə aparacam. İnanıram bir gün təhsil verəcəyim qızların sayı artacaq, hər biri təhsil alaraq necə özlərinə, eləcədə gələcək nəsillərə azadlıq verəcəklər.