Blog-lar / Zorakılıq

Nar məməli qızlar?

Hətta Tanrı da öz yaratdıqlarının xüsusiyyətini elə yaxşı bilir ki, göndərdiyi kitabda cənnətlə müjdələnən bəndələrinə nar məməli qızlar vəd edir. Özüdə birini yox, bir neçəsini. Bəlkə gözün doyar deyə. Artıq bir ayda bir neçə zorlanma, qaçırılma, ərkən yaşda hamilə qalma xəbərlərini oxuyuruq, görürük, eşidirik. Normal cəmiyyətlər həmişə bu kimi zorakılıq aktlarına etiraz edirlər. İctimayi şəkildə qınaq kompaniyaları, simvolik etiraz vasitələri ilə cəmiyyətə başa salınmağa çalışılır ki, ərkən yaşda evlənmək cinayətdir. Qız qaçırmaq – cinayətdir. Yetkinlik yaşına çatmayan qızların uşaq dünyaya gətirməsi – cinayətdir.
Çox təəssüflər olsun ki, ölkəmizin cinayət məcəlləsi ərkən yaşda uşaq dünyaya gətirmək kimi hadisələri sərt şəkildə cəzalandırmır.
Üümumiyyətlə qanun heç vaxt ictimayi nəzarət olmadan işləmir. Bir qanunun özünün bütün normaları ilə işləməsi üçün ictimayi reyaksiyaya, özüdə kəskin reyaksiyaya eytiyacı var. Bu kontekstdə məktəbli qızların qaçırılması zamanı susan məktəb direktorlarından tutmuş, elə yerindəcə protokollaşdırılaraq sülh şəklində bağlanan bu kimi cinayət işlərində hüquqmühafizəçilərinin mövqeyini də başa düşmək olar. Bütün bunlar öz yerində.
Gələk ərkən evliliyin sadəcə bizdə olmaması məsələsinə. Ümumiyyətlə bu problem bütün dünyada var və buna bərayət qazandırırmışcasına verilən şərhlər çox barbarcadı. Məsələn deyirlər ki, ABŞ- da ildə minlərlə qız cinsi istismara məruz qalır. Nə edək yəni? Yekə qarın kişilərə, Rusiyada yüzlərlə maşalardan gəzəndən sonra gəlib buradan sütül qız almaq istəyənlərə göz yumaq ki, bütün dünyanın problemidir bu? ABŞ-da belə problemlər varsa da bu problemlər bizim kimi ayilə səviyyəsində deyil yəni mental yükü yoxdur. Bizdə qızları gənc yaşda evləndirmək bir adət halını alıb. Hələ evlənmək harasıdır? Sonrada doğmursanmı? Birşey mirşey varmı? Kimi suallarla dayim nəzarət mexanizmlərimiz və yaxud da mənəvi terrorumuz bu gənc qız uşaqlarına qarşı davam etdirilir. Bu gün orta məktəblərimizin hamısında qız şagirdlərinin qıtlığı var. Təhsil nazirliyinin nəzarətsizliyi ucbatından yüzlərlə qız şagird icbari orta təhsildən yayınır. Amma təhsil nazirliyinin nəzarətsizliyinin əsas səbəblərindən biri bizim özümüzün bu məsələyə tələbkar mövqedə olmamağımızdandır.
Bundan başqa ərkən yaşda cinsi istismara məruz qalan qızlarımıza bəslənən ögey münasibət, başqasının artığıylamı evlənəcəksən kimi mühafizəkar mövqe bu problemi yaşayan qızları iki qat bədbəxt edir. Aftomatik olaraq ərdən çıxan qızlara sex vasitəsi kimi baxılır.
Onu daha da əzirik, daha da bədbəxt edirik. Bu qızların yenidən cəmiyyətə qazandırılması üçün nə dövlət və nə də biz özümüz çalışmırıq.
Yıxılana balta vurmaq adətimizdir axı. Bu kimi faktlar necəliyindən asılı olmayaraq ən sərt şəkildə cəzalandırılmalıdır. Hüquqmühafizəçiləri bu gün şikayət edənin sabah barışacağından əmin olduğu üçün məsələni yuxarı daşımır. Çox zaman bu işlər ictimayiləşdirilmir. Məktəbdən qız şagirdlər qaçırılarkən orqanları məlumatlandırmadığı üçün direktorlar cəzalandırılmır. Bütün bunların səbəbi bizim ictimayi duyarsızlığımızdır. Laqeydik.
Başım ağrımasın deyib susuruq. Amma bizim susqunluğumuz neçə-neçə gələcəyi məhv edir, bədbəxt edir, söndürür. Bizim duyarsızlığımız ucbatından cinsi istismara məruz qalan qızlar ona təcavuz edən kişi ilə bir ömür bir yatağı paylaşmağa məcbur olur. Bizim duyarsızlığımız ucbatından zorla qurulan ayilələr sonradan konfliktli ayilələrə çevrilir. Bu ayilələrdə psixoloji tramva alan yeni qızlar böyüyür və bunlar sevgini dayim qıraqlarda axtarırlar. Beləliklə 40 yaşında şərəfsizlərin toruna düşürlər. Bütün bunlar zəncirvari xarakter daşıyır və biri digərinin yaranmasına zəmin yaradır. Başqalarının bədbəxtliyi üzərində özünə xoşbəxtlik qurmaq mümkündürmü?
Indi bütün bu olanlarda qanunu günahlandırısan. Bəs ərkən evliliklə münasibətdə özümüz nə edirik? Deyim nə etməliyik. Erkən evliliklə qurulan bütün toy məclislərini boykot etməliyik. Elə ayiləmizdə, öz ətrafımızda bu haqqda durmadan danışmalıyıq. Ictimayi reyaksiya və qınaq bütün növ qanunların işləkliyindən daha effektlidir. Gəlin əl-ələ verək. Bu məsələyə susanlardan tutmuş – bu bütün dünyanın problemidir deyənlərə qədər hamını ictimayiləşdirərək qınaq obyektinə çevirək. Gəlin susmayaq. Susmaq təhlükəlidir. Sayğılar…

Elnur Nazim